500: Internal Server Error 500: Internal Server Error
Manşet Tariximiz — 08 October 2014

XIX əsrin 70-ci illərinin ikinci yarısı qubalılar üçün təkcə canlanmaqda olan mədəni-maarif həyatı ilə deyil, həm də kəndli hərəkatının fəallaşması ilə yadda qalır. Artıq qeyd edildiyi kimi, Rusiya hökumətinin 1870-ci ilin islahatlarından sonra azərbaycanlı kəndlilərin vəziyyətində əhəmiyyətli dəyişikliklər baş verməmişdi.

Torpağın azlığı, natural və pul vergi və mükəlləfiyyətlərinin ağırlığı, suvarma üçün suyun çatışmazlığı, kəndlilərin hüquqi baxımdan hüquqsuzluğu, çar rejiminin müstəmləkəçilik aqrar siyasəti, kənddə kapitalist münasibətlərinin inkişafı ilə bağlı sosial təbəqələşmənin güclənməsi, ağır mənzil-məişət şəraiti bütün Azərbaycan qəzalarının kəndlilərini müxtəlif mübarizə formalarına əl atmağa vadar edirdi.

Kəndlilərin narazılıqları müxtəlif instansiyalara şikayət və ərizələr yazılması, mükəlləfiyyətlərin ödənilməsindən boyun qaçırılması, meşələrin qırılması və mülkədarların mülk və evlərinin yandırılmasından tutmuş kəndlilərlə çar hakimiyyəti arasında silahlı toqquşmalaradək etiraz üsullarında əks olunurdu. Bu sonuncu halda Azərbaycan kəndlilərinin ən böyük torpaq mülkiyyətçisi olan çar hakimiyyətinə qarşı silahlı kütləvi çıxışlarının səbəbləri artıq dini-milli-azadlıq meylləri ilə üst-üstə düşməyə başlayırdı ki, bu da ruhanilərin, qismən yerli feodalların və ümumən həmin dövrdə yaranmış siyasi vəziyyətin təsiri altında, getdikcə güclənirdi.

 

1877-ci ildə Quba və Nuxa ( Şəki) qəzalarında, o cümlədən Zaqatala dairəsində baş verən kəndli çıxışları bunun parlaq nümunəsi ola bilər. Azərbaycan qəzalarındakı bu kəndli çıxışları Rusiyada istər xarici, istərsə də daxili siyasi vəziyyətin kəskinləşdiyi şəraitdə baş verməklə yanaşı Qafqaz dağ xalqlarının yeni mübarizə dalğası ilə eyni vaxta təsadüf etdi. 1877-ci ilin aprelində Rusiya Türkiyəyə qarşı müharibə elan etdi və bu hadisə Qafqaz xalqları tərəfindən xüsusilə mənfi qarşılandı.

 

Qeyd edilməlidir ki, bu dövr Şimalı Qafqazda 1859-cu ildə darmadağın edilmiş Şeyx Şamil hərəkatı liderlərinin və müridizm daşıyıcılarının övlad və davamçılarının mövqeləri kifayət qədər güclü idi və çox keçmədən İçkeriyada – Çeçenistanda, ardınca da Dağıstanda ümumi üsyan başlanır. 15 sentyabr 1877-ci ildə əsasən ləzgilərdən ibarət üsyançı dağlı dəstələri Samur çayını keçərək, Xudat və Yalama poçt stansiyalarını dağıtdıqdan sonra Quba qəzasına daxil oldular. Dağlıların təsiri altında Quba qəzasının özündə üsyan başlandı.

 

Samur, Kürə və Quba qiyamçıları birlikdə hərəkət edərək Qusardakı mənzilqərargaha həmlə edir, hökumət qoşunlarına qarşı fəal mübarizə aparır, yerli mülkədarların və çar ordusuna xidmət edənlərin mülklərinə hücumlar edərək onların əmlaklarını öz aralarında bölürdülər. Oktyabrın sonu – noyabrın əvvəlində üsyan Nuxa qəzasını və Zaqatala dairəsini də bürüdü.

 

Çar hökuməti üsyanı yatırmaq üçün qiyamçılara qarşı təcili surətdə iri hərbi qüvvələr göndərdi. Ter əyalətindən, Bakıdan, Krasnovodskdan və Rusiyanın daxili quberniyalarından qoşunlar buraya gətirildi. Üsyanın əsas iştirakçıları kəndlilərin yoxsul və orta təbəqələri, habelə müəyyən mərhələdə onlara qoşulmuş və hətta üsyana rəhbərlik edən bəylər və feodallardan ibarət idi: belə ki, üsyana poruçik Məmməd Əli bəy, kapitan Əhməd bəy və podporuçik Həsən bəy başçılıq edirdilər.

Üsyançıların qərargahı Köhnə Xudat kəndində yerləşirdi və qəzanın hər yerindən kəndlilər bura axışıb gələrək üsyançılara qoşulurdu. Yerli zəngin təbəqənin nümayəndələrinin böyük hissəsi üsyana qarşı çıxış edirdi. Üsyanın xarakterik əlaməti onun açıq şəkildə ifadə olunan antiçar və antixristian istiqaməti idi ki, çar qoşunları ilə açıq-aşkar qarşıdurma ilə yanaşı, üsyançıların xristian dininə mənsub olan şəxslərə, hətta hakim sinfə mənsub olmayanlara da zərər yetirməsi buna dəlalət edirdi.

 

Məsələn, 1877-ci ilin noyabrında “qəzəblənmiş ləzgilər” və “qonşu kəndin tatar əhalisi” rus kəndi Mixaylovkaya hücum edərək, onu talan etmiş və yandırmışlar. Basqın haqqında əvvəlcədən xəbərdar edilmiş kənd sakinləri öz evlərini vaxtında tərk edə bilmişdilər, lakin, kəndin kilsəsindəki ikonalar təhqir edilmiş, zəngi sındırılıb Kubinka çayına atılmış, kilsənin özü isə yandırıl-mışdı.

 

Onu da qeyd etmək lazımdır ki, üsyançı kəndlilər yerli feodalların hamısına deyil, yalnız çar rejiminin tərəfində olanlara qarşı çıxış edirdilər. 1877-ci ilin üsyanı qan içində yatırıldı, onun bütün iştirakçıları – Qafqaz dağlıları, qubalılar, nuxalılar və başqaları amansızcasına cəzalandırıldı.

Daha fəal üsyançılar hərbi-səhra məhkəməsinə verildi, üsyanın bütün rəhbərləri və onların yaxın silahdaşları – 300 nəfərdən artıq adam edam edildi. Dağıstanın 8 əyalətindən, habelə Quba qəzasından yaşından, cinsindən, və günahının dərəcəsindən asılı olmayaraq, 5 000 nəfərə yaxın adam sürgün edildi.

 

Onlardan çoxu aclıqdan və adət etmədikləri iqlim şəraitindən həlak oldular. Hətta üsyan yatırıldıqdan sonra da kəndlilərin köçürülməsi davam edir, üsyançılar tərəfindən vurulmuş zərərin ödənilməsi bəhanəsi ilə onlara vergi və müxtəlif növ töycülər tətbiq olunurdu. Edam edilmiş və köçürülmüş sakinlərin torpaqları müsadirə olunaraq zəngin zümrənin üsyanın yatırılmasında iştirak etmiş yerli nümayəndələrinə paylanılırdı. “Hakimiyyət qəddarlaşmış, bəylər özbaşınalıq edirlər…

Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviç görülən bu sərt tədbirlərə onunla haqq qazandırırdı ki, üsyanın yalnız əsas səbəbkarlarının cəzalandırılması heç də həmişə vəziyyətdən çıxış nümunəsi və yerdə qalan əhaliyə xəbərdarlıq kimi qəbul oluna bilməz”.

Buna görə, gələcəkdə mümkün itaətsizliyə “xəbərdarlıq” kimi bir çox günahsız insanlar cəzalandırılmışdı. Üsyan zamanı çar hakimiyyətinə və əhaliyə vurulan zərərin ümumi həcmi 233 972 rubla çatmışdı və çar hökuməti “qəzanın bütün əhalisini üsyanda fəal iştirakına və ya üsyançılara yardım etməsinə görə cəzalandırmaq” niyyətində idi.

 

Lakin 52 800 adamın hamısının cəzalandırılması “qətiyyən siyasi və iqtisadi münasibətlər çərçivəsinə sığmırdı” və bu da qubalıların öz əzəli torpaqlarından kütləvi surətdə köçürülməsinin qarşısını aldı.

 

 

Share

About Author

(0) Readers Comments

Comments are closed.