500: Internal Server Error 500: Internal Server Error
Manşet Tariximiz — 26 May 2015

Yeni hakimiyyətin qurulması ilə bağlı analoji vəziyyət Azərbaycanın qəzalarında, o cümlədən Quba qəzasında da təkrar olundu. 1917-ci il martın 6-da Qubada vergi müfəttişi Aleksandr Canturaşvilinin sədrliyi altında yerli məmurların, mülkədarların və ruhanilərin nümayəndələrinin daxil olduğu ictimai təşkilatların İcraiyyə Komitəsi yaradıldı.

XZAKOM qəza komissarı vəzifəsinə keçmiş rus ordusunun kapitanı, Qubanın ən iri mülkədarlarından biri olan Əli bəy Zizikskini təyin etdi.

Eyni zamanda, Quba şəhərində yerləşən hərbi hissələrdə əsgər deputatları Soveti yaradıldı, 1917-ci ilin mart ayının ortalarında isə “tərkibinə 500 fəhlə və qulluqçu tərəfindən 14 nümayəndənin seçildiyi” fəhlə deputatları Soveti təşkil edildi.

Bu Sovetin İcraiyyə komitəsinin tərkibi 4 nəfərdən ibarət idi. Fəhlə və kəndli deputatları Sovetlərində eserlərin, menşeviklərin və burjua millətçilərinin nümayəndələri çoxluq təşkil edirdi.

Beləliklə, Quba qəzasında da ikihakimiyyətlilik bərqərar oldu. Yaranmış vəziyyətdən narahat olan bolşeviklər, “Hümmət” və “Ədalət” bolşevik təşkilatları vasitəsilə şəhərin müsəlman əhalisi arasında öz fəaliyyətlərini genişləndirməyə başladılar və H.Sultanovun və M.İsrafilbəyovun səyləri nəticəsində Quba qəzasında “Hümmət” təşkilatının şöbəsini yaratdılar. 1917-ci ilin aprel ayının əvvəlində Quba şəhərində 17 nəfərin iştirakı ilə yerli bolşevik fəallarının təsisedici yığıncağı keçirildi və həmin yığıncaq konfrans elan edilərək, RSDFP-in Quba qəza komitəsini yaradıldı.

Quba bolşevikləri əsasən Quba və Qusarda yerləşən yerli qarnizonların əsgərləri arasında və qulluqçu kollektivlərinin mövcud olduğu ərazilərdə iş aparırdılar. Məsələn, Xaçmaz və Dəvəçi stansiyalarının dəmiryolçuları arasında partiya özəklərini yaratmaq, Deqtyarov qardaşlarının Qızıl-Burun balıq vətəgəsinin və Şollar-Bakı su kəmərinin fəhlələrinin tətillərini təşkil etmək mümkün olmuşdu.

Bu dövr Quba qəzasının azərbaycanlı əhalisi də fəallaşırdı. Milli ziyalıların nümayəndələri “Müsavat” milli-demokrat partiyasının qəzada şöbələrini yaratmağa başladılar. Partiyanın Quba şöbəsinin təşkilatçısı Əbil Qasım Rüstəmov, “Müsavat” partiyasının qəza komitəsinin sədr müavini Qubanın tanınmış bəy nəslinin nümayəndələrindən biri olan Əli Pənah bəy Şəfibəyov idi.

 

1917-ci ilin iyul ayında “Müsavat” partiyasının şöbələri Dəvəçidə, Dəvəçi nahiyəsinin Qələgah kəndində və digər iri kəndlərdə də yarandı.

Az sonra Quba cəmiyyətinin tanınmış nümayəndələri – Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə və başqaları tərəfindən Quba qəzasında həmçinin “İttihad” dini-siyasi partiyasının şöbəsi yaradıldı.

Siyasi partiyalarla yanaşı 1917-ci ilin mayında Qubada əsasən mülkədarların, tacirlərin və ruhanilərin nümayəndələrinin daxil olduğu Müsəlman milli komitələri təşkil edildi.

Lakin yaranmış hakimiyyət strukturlarından heç biri mövcud aqrar münasibətləri – Azərbaycanın və Cənubi Qafqazın bütün qəzalarında olduğu kimi Quba qəzasında da on illər ərzində sosial-siyasi sabitliyin başlıca müəyyənedici faktoru olan ən əsas problemi dəyişmək iqtidarında deyildi.
İkihakimiyyətliliyin yaratdığı vəziyyətdən və yaxud ümumiyyətlə heç bir hakimiyyətin olmadığından istifadə edən kəndlilər əvvəllər çar hakimiyyəti və mülkədarlar tərəfindən onlardan alınmış torpaqlarının qaytarılmasını tələb edir, bəzən isə həmin torpaqları özbaşına geri qaytarmağa cəhd edirdilər.

XZAKOM Rusiyadakı Müvəqqəti Hökumətin mövqeyini ifadə edərək, xəzinə və xüsusi mülkiyyət torpaqlarının kəndlilərə veriləcəyini vəd edir, lakin eyni zamanda Təsisedici qurultay tərəfindən aqrar məsələ həll edilənədək, onları gözləməyə çağırırdı. Bolşeviklər isə, əksinə, kəndliləri yubanmadan mülkədar torpaqlarını mütəşəkkil şəkildə ələ keçirməyə və müsadirə etməyə çağırırdı ki, bu da əhali arasında hökm sürən əhval-ruhiyyəyə daha çox uyğun gəlirdi. Hərçənd həmin dövr Azərbaycan kəndlərində bolşeviklərin hər hansı bir fəal fəaliyyəti barəsində söhbət ola bilməzdi. Bununla belə, artıq 1917-ci ilin mart ayından etibarən bütün Azərbaycan qəzalarında kəndlilər tərəfindən dövlət meşələrinin kütləvi şəkildə qırılması, torpaq və su sahələrinin zəbt edilməsi, vergilərin, icarə haqqının ödənilməsindən imtina və sair halların sayı sürətlə artmağa başladı. Quba qəzasında “irimiqyaslı iğtişaşlar” haqqında ilk məlumatlar 1917-ci ilin aprel ayında gəldi və məlum oldu ki, “kəndlilər vəliəhd Rılskinin “Vələmir” mülkünü ələ keçiriblər,…və azğınlıqları davam etdirərək arpa cücərtilərini məhv edir, mal-qaranı oğurlayır, mülkün fəhlələrini sahə işlərinə buraxmır, hazırlanmış odunun meşədən çıxarılmasına imkan vermir və torpaqları zəbt edirdilər”.

Həmin ilin yayında Müşkür nahiyəsinin Zeyid kənd cəmiyyətinə daxil olan Şıxqapıt kəndinin kəndliləri Şıxlar bəylərinə qarşı çıxış etmişdilər.  Kəndlilərin özbaşına hərəkətlərinə müəyyən mənada anarxiya və çoxhakimiyyətlilik nəticəsində əmələ gəlmiş ərzaq problemi də güclü təkan verirdi. Bakı quberniyası ərzaq komitəsinin protokolundan göründüyü kimi, 1917-ci ilin mayında Quba qəzasında da ağır vəziyyət yaranmışdı: “Quba qəzası iki rayona: taxılı olmayan dağlıq və taxıllı aran rayonlarına bölünür. Lakin aran rayonundan taxıl, polis pristavlarından tutmuş dəmiryolçulara və meşə keşikçilərinədək, hər kəs tərəfindən çıxarılırdı. Beləliklə də demək olar ki, taxılın hamısı çıxarılmışdı. Lakin aran hissədə hələ ehtiyatlar var və komissar onları aşkar etmişdir. Dağlıq hissədə isə elə kəndlər var ki, əsil aclıq hökm sürür. …Qubada ərzaq komitəsi düzgün fəaliyyət göstərir. Kəndlərdə komitələr təşkil edilir, amma çox böyük çətinliklə. Nə Quba, nə də Göyçay qəzalarında nüfuzlu yerli hakimiyyət yoxdur. Hətta İcraiyyə komitələri də yoxdur. Kənd cəmiyyətlərində katib yoxdur. Quba qəzasında dəmir yolunun mühafizəsi təşkil edilmişdir. Gözətçilər əhalinin köməyi ilə mühafizə edirlər. Əhali həm də ərzaq komitəsinə köməklik göstərir”.
Bununla belə, Azərbaycanın digər qəzalara, xüsusilə kəndli çıxışlarının vüsət aldığı Yelizavetpol və Qazax qəzalarına nisbətən, həm Quba şəhərinin özündə, həm qəzada ümumən vəziyyət sabit idi, kəndlilər tərəfindən mülkədar mülklərinin ələ keçirilməsi halları isə tək-tək baş verirdi. 1917-ci ilin payızında başlanmış və 1918-ci ilin may ayının sonunadək Azərbaycanın bir çox qəzalarını əhatə etmiş kəndli üsyanları hərəkatının yeni dalğası da Quba qəzasından yan keçmişdir.

Doğrudur, bu dövr Quba qəzasında da kəndlilərinin ayrı-ayrı çıxışları baş vermişdi – məsələn, Qaraqurd və Hacı Qurbanoba kəndlərinin sakinləri “knyaz V.P.Bebutovun onların torpaqları ilə qonşu olan mülklərini” ələ keçirmişdilər , Dəvəçi nahiyəsində bir neçə kəndin sakinləri “mülkədar mülklərinə hücum etmiş, torpaqlarını zəbt etmiş və öz aralarında bölmüşdülər”.

 

Bununla belə, qəzada kəndli çıxışları kütləvi hal almamış və Yelizavetpol, Nuxa və digər qəzalardakı silahlı kəndli çıxışları üçün xarakterik olan zorakılıq və amansızlıqla müşayiət edilməmişdir.

 

Burada qeyd etmək lazımdır ki, XZAKOM-a, daha sonra onun yerinə yaradılmış Zaqafqaziya Komissarlığına tabe olan Qubanın yerli hakimiyyət orqanlarında təmsil olunan Quba bəyləri, mülkədarları, məmurlar və yerli ziyalılar vəziyyətə ümumilikdə nəzarət edir və zərurət olduqda, öz silahlı dəstələrinin gücü ilə həm kəndli çıxışlarının, həm də ayrı-ayrı silahlı qrupların qanunsuz hərəkətlərinin qarşısını alırdılar. Məsələn, belə silahlı əməliyyatlardan biri Əli bəy Zizikskinin “drujinaları” tərəfindən 1918-ci ilin yanvarında Xaçmazda aparılmışdı. Ə.b.Zizikskinin dəstələri eyni zamanda qəzanın müsəlman əhalisinin təhlükəsizliyi üçün təminat funksiyasını yerinə yetirirdilər. Belə ki, bu dövr, yəni 1917-ci ilin payızından 1918-ci ilin yanvarınadək – qəzada Qafqaz cəbhəsindən, çox zaman əlində silah ilə, qayıdan rus, yəhudi və erməni əsgərlərindən ibarət silahlı dəstələr meydana çıxmışdı. Bu dəstələr mülkədar malikanələrinin, evlərin və s. talan və qarət olunması ilə məşğul olurdular. Yerli hakimiyyətin onları tərksilah etmək cəhdləri çox vaxt silahlı toqquşmalara səbəb olurdu ki, bu da bəzən milli zəmində qarşıdurma təsəvvürü yaradırdı. Bununla belə, həmin dövr qəzada vəziyyətin ümumən nəzarət altında olduğunu söyləməyə əsas vardır ki, bu da bir çox hallarda elə Ə.b.Zizikskinin dəstələri sayəsində mümkün olmuşdu.

 

Qeyd edilməlidir ki, az sonra azərbaycanlıların milli-azadlıq hərəkatının fəal iştirakçılarından birinə çevrilən, Azərbaycan Parlamentinin gələcək üzvü, qəza komissarı Əli bəy Zizikski, qəzada hakimiyyətin Bakı Sovetinə keçməsi və ya zəbt edilməsi cəhdlərinin də qarşısını almağa çalışaraq, əslində öz dəstələri ilə qəzada siyasi vəziyyətə nəzarət edirdi.
Digər ictimai xadim, Quba qəzasında tanınmış və nüfuzlu şəxslərdən biri, həmçinin Azərbaycan parlamentinin gələcək üzvü – Həmdulla Əfəndi Əfəndizadə qəzanın Dəvəçi nahiyəsində sakitliyi və sabitliyi təmin edirdi.
Əlbəttə ki, belə şəraitdə Quba fəhlə, əsgər və matros deputatları Sovetində təmsil olunan inqilabi qüvvələrinin qəzada təkhakimiyyətliyə nail olmaq uğrunda hər hansı bir uğurlu mübarizəsindən söhbət gedə bilməzdi. Buna baxmayaraq, 1917-ci ilin ortalarından başlayaraq, Qubada əsas mübarizə iki hakimiyyət strukturu arasında deyil, Sovetin özündə, bolşeviklərlə eser-menşeviklər arasında gedirdi ki, burada birincilər heç cür çoxluq əldə edə bilmirdilər. Azərbaycan qəzalarında, o cümlədən Qubada “Sovetlərin bolşevikləşdirilməsinin” ləngiməsi səbəbini, qismən “sosial və milli münasibətlərin mürəkkəb şəkildə uzlaşması, milli və xırda burjua partiyaları və qruplarına qarşı mübarizənin çətinlikləri ilə” izah etmək olardı.
Lakin, hətta Sovetlər kimi inqilabi bir orqanda mötədil siyasi xətt tərəfdarlarının üstünlük təşkil etməsi faktı özlüyündə onu göstərirdi ki, Azərbaycanın istər siyasi cəhətdən fəal, istərsə də geniş xalq kütlələri hakimiyyət dəyişikliklərinin və digər problemlərin həllinin zorakılıq yolu ilə həyata keçirilməsini qəbul etmirlər. Buna baxmayaraq, bolşeviklər əhalinin ayrı-ayrı qrupları, əsasən, rus kəndlərinin sakinləri, Quba və Qusar qarnizonlarının əsgərləri arasında fəaliyyətlərini davam etdirirdilər.
 

Share

About Author

(0) Readers Comments

Comments are closed.